Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa

Nizami Salmanov · İqtisadiyyat ·

Tarixi köklərə malik Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu münasibətlərin əsasını ilk növbədə xalqlarımız arasında mövcud olan tarixi, mənəvi və mədəni yaxınlıq təşkil edir. Lakin müasir mərhələdə qarşılıqlı əlaqələr yalnız mənəvi bağlılıqla məhdudlaşmır.

İki ölkə arasında formalaşan əməkdaşlıq artıq iqtisadi, siyasi və geosiyasi istiqamətləri əhatə edən çoxşaxəli xarakter daşıyır. Möhtərəm Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər bu inkişafın konkret nəticələrini nümayiş etdirir. Səfər zamanı Azərbaycan və Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təmələ söykəndiyi xüsusi vurğulanıb. Bu iki amilin bir araya gəlməsi ikitərəfli əlaqələr üçün möhkəm zəmin yaradır. Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar ölkənin iqtisadi potensialının artmasına şərait yaradıb. Sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturunun inkişafı Özbəkistanın regional mövqeyini gücləndirib. Azərbaycan isə bu inkişaf prosesini yaxın tərəfdaş və qardaş ölkə kimi dəstəkləyir. İki ölkənin paralel iqtisadi inkişafı qarşılıqlı layihələrin sayının və miqyasının artmasına imkan verib. Əvvəllər mövcud olmayan birgə layihələrin bu gün müxtəlif sahələri əhatə etməsi münasibətlərin dinamikasını göstərən mühüm göstəricidir. Xüsusilə bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq hədəfinin real perspektiv kimi qiymətləndirilməsi diqqətəlayiqdir.

Bu hədəf qarşılıqlı iqtisadi potensialın getdikcə daha səmərəli istifadə olunduğunu göstərir. Əməkdaşlığın enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi və kənd təsərrüfatı kimi sahələri əhatə etməsi münasibətlərin sistemli xarakter aldığını göstərir. Bankçılıq sahəsində əməkdaşlığın genişlənməsi də iqtisadi əlaqələrin dərinləşməsinin mühüm göstəricisidir. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması iki ölkənin enerji sektorunda qarşılıqlı maraqlarının artdığını nümayiş etdirir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin növbəti mərhələyə yaxınlaşması əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Qarşılıqlı investisiyaların artması isə iqtisadi münasibətləri daha dayanıqlı əsaslara keçirir. Bununla yanaşı, münasibətlərin regional əhəmiyyəti də getdikcə artır. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsində mühüm potensialı mövcuddur. Bu baxımdan ikitərəfli münasibətlər yalnız iki dövlətin maraqları çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirilə bilər. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edir.

Qarabağda həyata keçirilən layihələr isə münasibətlərin siyasi və mənəvi tərəflərini daha da gücləndirir. Özbəkistanın Füzulidə məktəb tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya yatırması bunun mühüm nümunələridir. Belə layihələr iki xalq arasında qarşılıqlı etimadı praktik fəaliyyətlə möhkəmləndirir. Nəticə etibarilə Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun kəsb edir. Bu münasibətlər siyasi etimad, iqtisadi qarşılıqlılıq və regional maraqların uzlaşması üzərində qurulan strateji tərəfdaşlıq modelinə çevrilir.

Zahir Əliyev;
Neftçala rayonu