Azərbaycan ishal xəstəliklərindən ölüm göstəricisinin nisbətən aşağı olduğu ölkələr sırasında yer alır. Our World in Data platformasında yayımlanan məlumatlar göstərir ki, bu xəstəliklərdən ölüm halları ölkələr arasında kəskin şəkildə fərqlənir. Məlumatlar IHME-nin Qlobal Xəstəlik Yükü araşdırmasına əsaslanır.
Redaksiya istinadla xəbər verir ki, təqdim olunan göstərici hər 100 min nəfərə düşən ishal xəstəliklərindən təxmin edilən ölüm sayını əks etdirir. Məlumat bazası 2023-cü ilə qədər olan dövrü əhatə edir və 2025-ci ildə dərc edilmiş Qlobal Xəstəlik Yükü araşdırmasının nəticələri əsasında hazırlanıb.
Our World in Data bildirir ki, ishal xəstəliklərindən ölüm səviyyəsi xüsusilə aşağı gəlirli ölkələrdə yüksək olaraq qalır. Bunun əsas səbəbləri sırasında təmiz içməli suya və sanitariyaya çıxışın məhdudluğu, tibbi xidmət imkanları və bəzi infeksiyalara qarşı profilaktikanın zəif olması göstərilir.
Bununla belə, yayılan məlumatlar Azərbaycanın bu xəstəlikdən ölüm hallarının ümumiyyətlə olmadığı və ya insanların ishala qarşı xüsusi bioloji davamlılığa malik olduğu anlamına gəlmir. Eyni zamanda sözügedən xəritənin əsas məlumat mənbəyi Ümumdünya Səhiyyə Təşkilatı deyil, IHME-dir. ÜST-nin ayrıca ölüm statistikası da mövcuddur, lakin Azərbaycan üzrə ölüm səbəblərinə dair qiymətləndirmələrin məlumat keyfiyyəti səbəbindən ehtiyatla şərh edilməli olduğu qeyd olunur.
