Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Çinlə ticarət kəsirinin azaldılması istiqamətində addımlar atılmadığı halda Çindən idxal olunan məhsullara tariflər tətbiq ediləcəyini bəyan edib. O, bunun zərurət yarandığı təqdirdə Avropa tərəfinin sərt tədbirlər görməyə məcbur qalması ilə bağlı xəbərdarlıq olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Makron Les Echos nəşrinə müsahibəsində Avropanın ABŞ-nin tətbiq etdiyi mexanizmlərə bənzər tədbirlərdən istifadə edə biləcəyini qeyd edib. O, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə məsələni müzakirə etdiyini, qarşıdurmanın dinc yolla həllinə ümid etdiyini və tərəfləri “aqressiv siyasət” adlandırdığı addımlardan qarşılıqlı şəkildə imtina etməyə çağırdığını vurğulayıb.
Makron, həmçinin, Çin şirkətlərinin Avropada investisiya imkanlarını genişləndirməsinin zəruri olduğunu bildirib və yarımkeçiricilər və nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər kimi sahələrdə qarşılıqlı addımların vacibliyini qeyd edib. O, Avropa İttifaqının rəqabət qabiliyyətini artırmaq üçün institusional islahatların həyata keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Fransa prezidentinin dekabrın 3-dən 5-dək Çin rəhbərliyi ilə keçirdiyi danışıqlar zamanı tərəflər beynəlxalq siyasət və ticarət prinsiplərinə dair fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində mövqelərini açıqlayıblar. Makron Pekindəki görüşlərdən sonra Çinin Avropa İttifaqına yatırımlarının genişləndirilməsinin yeni sənaye sahələrinin yaradılmasına müsbət təsir göstərəcəyini qeyd edib.
