Atlantik okeandan Hind okeanına yeni xətt qurulur

Atlantik okeandan Hind okeanına yeni xətt qurulur

Fərid Əlizadə · Media ·

Afrika ölkələri ABŞ və Çin arasında artan infrastruktur rəqabətində tərəf seçmək əvəzinə, milli maraqlarını önə çıxarmağa çalışır. Angola, Konqo Demokratik Respublikası, Zambiya və Tanzaniya üçün əsas məqsəd Atlantik okeanını Hind okeanı ilə birləşdirən daha geniş nəqliyyat şəbəkəsi yaratmaqdır.

Redaksiya South China Morning Post və Reuters-ə istinadla xəbər verir ki, ABŞ tərəfindən dəstəklənən Lobito dəhlizi Angola sahilindəki Lobito limanını Konqo Demokratik Respublikası və Zambiyanın mis-kobalt bölgələri ilə birləşdirməyi hədəfləyir. Vaşinqton bu layihəni Çinin regiondakı təsirinə alternativ və kritik minerallara çıxış üçün strateji marşrut kimi təqdim edir.

Lobito dəhlizi Afrikanın ən zəngin mədən bölgələrindən keçdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Konqo Demokratik Respublikası və Zambiya kobalt, mis, litium və digər kritik minerallar baxımından qlobal təchizat zəncirinin əsas mərkəzlərindən sayılır.

Çinin dəstəklədiyi TAZARA dəhlizi isə Zambiyanı Tanzaniyanın Dar əs-Salam limanı ilə birləşdirir. Təxminən 1860 kilometrlik xətt 1970-ci illərdə Çin tərəfindən inşa edilib və hazırda yenidən modernləşdirilir.

Məlumata görə, Çin şirkəti CCECC TAZARA xəttinin bərpası üçün təxminən 1,4 milyard dollar sərmayə ayırır. Layihə çərçivəsində dəmir yolu infrastrukturu yenilənəcək, yeni lokomotivlər və vaqonlar alınacaq, xəttin yükdaşıma qabiliyyəti artırılacaq.

Afrika liderləri Lobito və TAZARA-nı rəqib deyil, bir-birini tamamlayan dəhlizlər kimi görürlər. Məqsəd mədən məhsullarını yalnız Atlantik okeanı üzərindən deyil, həm də Hind okeanı və Mozambik limanları istiqamətində daşımaqla ixrac imkanlarını genişləndirməkdir.

Bu yanaşma ABŞ və Çin üçün rəqabəti daha mürəkkəb edir. Vaşinqton Çinin təsirini azaltmağa çalışsa da, Afrika ölkələri Pekinin dəmir yolu təcrübəsindən imtina etmək istəmir və hər iki tərəfin investisiyasından maksimum fayda götürməyə çalışır.