Anthropic süni intellektlə dərman araşdırmaları üçün laboratoriya yaradıb

Anthropic süni intellektlə dərman araşdırmaları üçün laboratoriya yaradıb

Aytac Dəniz · Media ·

ABŞ-nin Anthropic şirkəti həyat elmləri və dərman hazırlanması sahəsində fəaliyyətini genişləndirmək üçün San-Fransisko körfəzi ərazisində biologiya laboratoriyası yaradıb. Şirkət burada süni intellektdən istifadə etməklə nadir və müalicəsi çətin xəstəliklər üçün yeni preparatların araşdırılmasını planlaşdırır. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, laboratoriyada süni intellekt vasitəsilə aparılan rəqəmsal tədqiqatlar praktiki bioloji təcrübələrlə tamamlanacaq. Anthropic-in həyat elmləri istiqamətinin rəhbəri Erik Kauderer-Abrams bildirib ki, süni intellekt texnologiyaları artıq dərmanların hazırlanması prosesində ciddi elmi alətə çevrilə biləcək səviyyəyə çatıb.

Şirkətin əsas diqqəti hazırda klinik sınaqlara deyil, klinikadan əvvəlki tədqiqatlara yönəlib. Reuters-in məlumatına görə, Anthropic ənənəvi əczaçılıq şirkətlərinin kifayət qədər diqqət ayırmadığı nadir və dərman hazırlanması çətin hesab edilən xəstəliklər üzrə araşdırmalar aparmaq niyyətindədir.

Anthropic laboratoriya proseslərinin bir hissəsini süni intellekt və robot texnologiyaları ilə avtomatlaşdırmağı da planlaşdırır. Bununla belə, təhlükəsizliyin təmin olunması məqsədilə tədqiqatlarda insan nəzarətinin saxlanılacağı bildirilir.