Amerikalı teleaparıcıdan sərt açıqlama: “Trampı amansız şəkildə tənqid edəcəyəm”

Amerikalı teleaparıcıdan sərt açıqlama: “Trampı amansız şəkildə tənqid edəcəyəm”

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın məşhur televiziya aparıcısı Stiven Kolber Donald Trampın ölkəni idarə etmək üçün zəruri bacarıqlara malik olmadığını bildirib. CBS kanalında yayımlanan “The Late Show”un aparıcısı olan Kolber eyni zamanda verilişini bağladığını açıqlayıb və qarşıdakı aylarda Tramp administrasiyasına qarşı “amansız” tənqid aparacağını vəd edib.

“Gələcək 10 ayda heç bir güzəşt olmayacaq. Mən artıq hakimiyyətə qarşı bəzəksiz həqiqəti söyləyə bilərəm və Donald Tramp haqqında nə düşünürəmsə, indi deməyə başlayıram”, – deyə Kolber canlı yayımda bildirib.

Trampın CBS-ə qarşı narazılığı yeni deyil. O, xüsusilə “60 dəqiqə” proqramının Ukrayna və Qrenlandiya ilə bağlı yayımladığı reportajlardan sonra kanalı dəfələrlə ittiham etmişdi. Sözügedən reportajlardan sonra proqramın icraçı prodüseri Bill Ouens vəzifəsindən istefa verərək ana şirkət Paramount-un təzyiqinə məruz qaldığını açıqlamışdı.

Hadisələrin fonunda medianın siyasi təzyiqlərə məruz qalması və sahibkarlıq maraqları da müzakirə mövzusuna çevrilib. Məlumata görə, Paramount şirkətinin sahibi Şari Redstoun Skydance studiyası ilə birləşmək üçün Ağ Evin razılığını almağa çalışır. Qeyd edək ki, Skydance-in sahibi olan Ellison ailəsi Respublikaçılar Partiyasının tanınmış dəstəkçiləridir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl də CBS-i məhkəməyə verərək vitse-prezident Kamala Harris ilə müsahibənin montajında qərəzli davranıldığını bildirmiş və 20 milyard dollarlıq təzminat tələbi irəli sürmüşdü.

Kolberin verilişini dayandırması və tənqidi ritorikasını artırması, ABŞ-da medianın siyasi proseslərə təsir imkanları və azadlığı məsələsini bir daha gündəmə gətirib.

Sevinc Kərimova