Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Dirk Lölke ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə iyul ayında Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltdiyi qeyd olunub. Vurğulanıb ki, səfər çərçivəsində Azərbaycan ilə Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin imzalanması, “Azərbaycan-Almaniya Biznes Şurası”nın yaradılması ikitərəfli əlaqələrin sistemli inkişafı üçün yeni institusional platforma formalaşdırır.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, həmçinin təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti, qarşılıqlı münasibətlərin genişləndirilməsində parlamentlərimizin rolu, qarşılıqlı səfərlərin və dialoqun önəmi vurğulanıb.
Eyni zamanda, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, onların parlamentlərarası əlaqələrin inkişafında rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində də uğurlu əməkdaşlıq edirlər və iki ölkə arasında əlaqələrin inkişafı fonunda bu əməkdaşlığı daha da irəliyə aparmaq üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
Aytac Dəniz · Siyasət ·