Ağ Ev Tulsi Qabbardı istefaya məcbur edib

Ağ Ev Tulsi Qabbardı istefaya məcbur edib

Nizami Salmanov · Media ·

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın istefası ilə bağlı yeni detal üzə çıxıb.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, Ağ Ev Qabbardı vəzifədən getməyə məcbur edib. Agentliyə danışan mənbə onun istefasının könüllü qərardan çox administrasiya daxilində verilmiş siyasi qərar olduğunu bildirib.

Qabbard isə istefasını həyat yoldaşına nadir sümük xərçəngi diaqnozu qoyulması və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə izah edib.

Reuters yazır ki, Qabbardın istefası iyunun 30-dan qüvvəyə minəcək. Prezident Donald Tramp onun yerinə müvəqqəti rəhbər kimi Milli Kəşfiyyat direktorunun birinci müavini Aaron Lukası təyin edib.

Qabbardın vəzifədən gedişi Tramp administrasiyası daxilində İran siyasəti ilə bağlı fikir ayrılıqları fonunda baş verir. O, daha əvvəl İranın nüvə silahı hazırlamadığını bildirmiş və bu mövqe administrasiyanın sərt xətti ilə ziddiyyət yaratmışdı.

Ağ Ev isə istefanın məcburi olub-olmaması ilə bağlı ayrıca açıqlama verməyib.