ABŞ rəhbərliyi Ağ Evdə keçiriləcək Ermənistan–Azərbaycan görüşü çərçivəsində imzalanacaq yeni barış protokolunun bir hissəsi kimi, Ermənistan ərazisindən keçəcək strateji nəqliyyat dəhlizində müstəsna hüquqlar əldə edib.
Redaksiya xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, prezident Donald Tramp tərəfindən “Beynəlxalq Sülh və Rifah Marşrutu” (International Route of Peace and Prosperity), adlandırılan bu layihə, Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni və genişləndirilmiş tranzit dəhlizini əhatə edir.
Yeni protokolun məqsədləri:
- Ermənistan ərazisindən keçən dəhlizin təhlükəsizliyini və dayanıqlığını təmin etmək,
- ABŞ-ın ticarət, logistik və infrastruktur sahələrində strateji iştirakını təsdiqləmək,
- Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirmək.
Saziş çərçivəsində ABŞ şirkətləri, həmin dəhliz boyunca logistika mərkəzlərinin qurulması, infrastrukturun yenilənməsi və nəqliyyat axınlarının idarə edilməsi sahəsində əsas tərəfdaş olacaq.
Tərəflər protokolu sabah (Bakı vaxtı ilə 2:30) Ağ Evdə keçiriləcək üçtərəfli görüş zamanı rəsmən elan etməyə hazırlaşırlar. Görüşdə prezident Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirak edəcəyi gözlənilir.
Bu yeni mərhələ, Zəngəzur dəhlizi ətrafında illərlə davam edən regional müzakirələrin nəticəsi olaraq, Vaşinqtonun vasitəçiliyi ilə beynəlxalq legitimlik qazanmağa yaxınlaşır.
Sevinc Kərimova
