Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiya Prezidenti Vladimir Putini danışıqlara məcbur etmək üçün daha çox təzyiq göstərməyə çağırıb. Zelenski bildirib ki, Avropa ölkələri bu istiqamətdə yardım edə bilər, lakin ABŞ-ın imkanları daha genişdir. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Zelenski Trampın Rusiyaya qarşı daha çox addım ata biləcəyinə inandığını deyib. Onun sözlərinə görə, Ukraynanın müharibədə verdiyi böyük itkilər fonunda Vaşinqtonun Moskvaya təzyiqi artırması xüsusilə vacibdir.
Zelenski həmçinin Rusiyaya qarşı əlavə sanksiyalar, hərbi dəstəyin genişləndirilməsi və diplomatik təzyiqin gücləndirilməsini istəyib. O, Moskva ilə iqtisadi layihələrin müzakirə olunması ilə yanaşı, müharibənin “dalanda” olduğunun bildirilməsini tənqid edib.
Ukrayna liderinin açıqlaması son günlər Rusiyanın genişmiqyaslı hava və dron hücumları fonunda səslənib. Reuters-in məlumatına görə, iki gün ərzində Ukraynanın müxtəlif bölgələrində Rusiya zərbələri nəticəsində 70-dən çox insan həlak olub.
Zelenski hesab edir ki, Avropa ölkələrinin dəstəyi vacib olsa da, ABŞ-ın iqtisadi, hərbi və siyasi təsir imkanları Putini danışıqlara sövq etmək baxımından daha böyük rol oynaya bilər. Vaşinqton isə müharibənin dayandırılması üçün diplomatik danışıqları davam etdirdiyini bildirir.
