Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius parlamentdə müdafiə büdcəsinin müzakirəsi zamanı Rusiyanı “düşmən” adlandırıb. O, əvvəllər Moskvanı əsasən “təcavüzkar” kimi xarakterizə etdiyini, lakin Avropada artan təhdidlər fonunda daha sərt ifadə işlətməyin vacib olduğunu bildirib. Bu barədə NOS məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Yeşilgöz qərarını Avropada sabotaj hallarının, dron insidentlərinin və digər hibrid təhdidlərin artması ilə əsaslandırıb. Nazir Rusiyanın özünü “düşmən kimi göstərdiyini” deyib və Moskvanın NATO-nun dayanıqlığını sınaqdan keçirməyə çalışdığını iddia edib.
Bununla belə, Yeşilgöz bu ifadənin Niderlandın Rusiya ilə müharibə vəziyyətində olduğu anlamına gəlmədiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, terminologiyanın dəyişməsi Haaqanın praktiki siyasətində dərhal yeni yanaşma yaratmır və ölkə əvvəlki kimi müdafiə qabiliyyətini artırmağa, Avropa tərəfdaşları ilə əməkdaşlığa və təhlükəsizlik tədbirlərinə diqqət yetirəcək.
Rusiya səfirliyi isə açıqlamaya sərt reaksiya verərək Niderland hökumətindən rəsmi izahat tələb edib. Diplomatik nümayəndəlik Haaqanın ya nazirin sözlərini hökumətin ümumi mövqeyi kimi təsdiqləməli, ya da onlardan uzaqlaşmalı olduğunu bildirib.
Səfirlik həmçinin Yeşilgözün açıqlamasının “birbaşa hərbi qarşıdurmaya keçid barədə rəsmi bəyanat” olub-olmadığını soruşub. Rusiya tərəfi Niderlandın qarşıdurmanı dərinləşdirdiyini iddia etsə də, özünün Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib.
Niderland hökuməti isə Rusiyanı Avropa təhlükəsizliyi üçün əsas təhdidlərdən biri hesab etdiyini uzun müddətdir bəyan edir. Yeşilgözün “düşmən” ifadəsi bu siyasətdə hüquqi dəyişiklikdən daha çox siyasi ritorikanın sərtləşməsi kimi qiymətləndirilir.
