İran Hizbullaha 200 milyon dollar göndərib

İran Hizbullaha 200 milyon dollar göndərib

Nizami Salmanov · Media ·

İranın Livandakı Hizbullah hərəkatına İsraillə müharibə nəticəsində evlərini tərk etmiş ailələrə yardım üçün 200 milyon dollar göndərdiyi bildirilir. Vəsaitin təxminən 50 min ailəyə ilkin maliyyə yardımı göstərilməsi üçün istifadə olunacağı qeyd olunur. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, pul köçürməsindən birbaşa məlumatlı iki mənbə vəsaitin ötən ay Hizbullaha çatdırıldığını bildirib. Mənbələrin sözlərinə görə, ilk mərhələdə hər ailəyə 3 min dollar ödənilməsi planlaşdırılır və evi dağıdılmış və ya yaşadığı kəndə giriş mümkün olmayan şəxslərə üstünlük veriləcək.

Hizbullah rəsmisi müəyyən məbləğdə vəsaitin əldə edildiyini təsdiqləyib və onun bölüşdürülməsi planının yaxın günlərdə açıqlanacağını bildirib. Bununla belə, rəsmisi pulun mənbəyinin İran olduğunu təsdiqləməyib. Tehran isə məlumatla bağlı rəsmi açıqlama verməyib.

Mənbələr vəsaitin Livana çatdırılmasının getdikcə çətinləşdiyini bildirirlər. Pulun transferində iştirak edən vasitəçilərin yüksək risk səbəbindən 20 faiz komissiya aldığı, bunun adi tarifdən təxminən dörd dəfə çox olduğu qeyd edilir.

ABŞ isə 200 milyon dollarlıq transfer barədə məlumatı mübahisələndirir. Vaşinqton Hizbullahın maliyyə çətinlikləri fonunda İrandan böyük həcmdə yeni maliyyə aldığı görüntüsü yaratmağa çalışdığını bildirir.

ABŞ Maliyyə Nazirliyinin əvvəlki məlumatına görə, İran 2025-ci ilin ilk 10 ayında Hizbullaha təxminən 1 milyard dollar ötürüb. Tehran isə uzun illərdir Hizbullahı birbaşa maliyyələşdirdiyini rəsmi şəkildə təsdiqləmir.

Hizbullahın planlaşdırdığı yardım İsraillə son müharibədən sonra tərəfdarlarına veriləcək ilk iri həcmli maliyyə dəstəklərindən biri hesab olunur. Livan hökumətinin qiymətləndirməsinə görə, 2024-cü ildən bəri baş vermiş müharibələrin ölkədə yaratdığı ümumi bərpa xərcləri 27 milyard dolları keçə bilər.