Melenşon: Prezident olsam, Çinlə müharibəyə girməyəcəyik

Melenşon: Prezident olsam, Çinlə müharibəyə girməyəcəyik

Könül Məmmədova · Media ·

Fransada 2027-ci il prezident seçkilərinə namizəd Jan-Lük Melenşon Tayvanın Çinin bir hissəsi olduğunu bildirib və prezident seçiləcəyi təqdirdə Fransanın Çinlə mümkün müharibədə iştirak etməyəcəyini deyib. Bu barədə TF1 Info məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Melenşon LCI telekanalına müsahibəsində Tayvanın Çinin bir hissəsi olub-olmaması barədə suala müsbət cavab verib. O, Pekinin Tayvana qarşı hərbi əməliyyat başladacağı halda Fransanın müdaxilə etməyəcəyini söyləyib.

Melenşon bildirib ki, prezident olacağı təqdirdə Fransa Çinlə heç vaxt müharibəyə girməyəcək. O, bunu həm geosiyasi mövqeyi, həm də belə bir qarşıdurmanın Fransa üçün əlverişsiz nəticələr doğura biləcəyi ilə əsaslandırıb.

Fransalı siyasətçi eyni müsahibədə Çini diktatura adlandırıb, lakin bunun Pekinlə əməkdaşlığa mane olmadığını bildirib. O, xüsusilə kosmik sahədə Çinlə razılaşmaların mümkün olduğunu qeyd edib.

Melenşon NATO ilə bağlı da sərt mövqe nümayiş etdirərək Fransanın alyansın vahid hərbi komandanlığından mərhələli şəkildə çıxmasının tərəfdarı olduğunu deyib. O, NATO-nun Fransanı ABŞ-ın strateji xəttinə həddindən artıq bağladığını iddia edib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və zərurət yaranarsa güc tətbiqini istisna etmir. Tayvan administrasiyası isə adanın faktiki olaraq ayrıca siyasi sistem, hökumət və silahlı qüvvələrlə idarə olunduğunu bildirir.