ABŞ senatoru Tom Kotton İranla əlaqəsi olan kəşfiyyatçılar barədə xəbərdarlıq etdi

ABŞ senatoru Tom Kotton İranla əlaqəsi olan kəşfiyyatçılar barədə xəbərdarlıq etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri, Arkanzas ştatından respublikaçı senator Tom Kotton ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) direktoru Kaş Patel və Müdafiə naziri Pit Hegsethə məktub ünvanlayaraq, İranın ABŞ kəşfiyyat qurumlarında gizli əlaqələri ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaksiya New York Post-a istinadla xəbər verir ki, Kotton məktubunda xüsusilə Arian Tabatabainin adını qeyd edib. O, İran Xarici İşlər Nazirliyi tərəfindən Qərbdə Tehran mövqelərinin təbliği üçün yaradılan “İran Ekspertlər Təşəbbüsü”nün təsisçilərindən biri olub və hazırda Pentaqonda yüksək vəzifədə çalışır.

Sənədlərdə Tabatabainin İranla əlaqələrinə dair şübhələr yer alır. ABŞ mətbuatında onun Dövlət Departamentində və daha sonra Pentaqonda çalışarkən milli təhlükəsizlik məlumatlarına çıxışı davam etdirdiyi vurğulanır. Kotton bildirib ki, “İranın şüarı ‘Amerikaya ölüm’dür və bu fonda belə bir şəxsin ABŞ kəşfiyyatında yüksək vəzifədə qalması ciddi risk yaradır”.

Məktubda qeyd olunur ki, “İran Ekspertlər Təşəbbüsü”nə bağlı bir sıra şəxslər Barak Obama və Co Bayden administrasiyaları dövründə dövlət strukturlarında və onlardan kənarda mühüm mövqelər tutub. Kotton FTB və Pentaqonu məsələni ətraflı araşdırmağa və milli təhlükəsizliyə risk yaradan halları aradan qaldırmağa çağırıb.

Tabatabaiyə qarşı irəli sürülən ittihamlar arasında İsrailə qarşı planlaşdırılan hücumlarla bağlı məlumatların sızdırılması və İranla gizli əməkdaşlıq ehtimalları da yer alır. Bununla belə, Pentaqon hələlik rəsmi olaraq onun bu sızmalarda rol oynadığını təsdiqləməyib.

Hadisə ABŞ-da Bayden administrasiyasının təhlükəsizlik siyasəti və kadr seçiminə dair müzakirələri daha da gücləndirib.