ABŞ prezidenti Donald Trampın ictimai çıxışları zamanı sərgilədiyi qeyri-adi davranışlar onun əqli sağlamlığı ilə bağlı ciddi suallar yaradıb.
Redaksiya xəbər verir ki, britaniyalı “The Guardian” qəzetində jurnalist Adam Gäbbattın dərc etdiyi məqalədə Trampın seçki kampaniyası tədbirlərində, müsahibələrində və mətbuat konfranslarında tez-tez mövzudan kənara çıxması, qəribə və əlaqəsiz fikirlər səsləndirməsi qeyd olunur. Yazıda bildirilir ki, 79 yaşlı Tramp artıq bir ildən çoxdur bu cür davranışları ilə diqqət çəkir.
Məqaləyə görə, prezidentin çıxışları zamanı diqqətini cəmləyə bilməməsi, danışıqda məntiqsizliyə yol verməsi və fikirlər arasında sürətli keçidlər etməsi onun özünü idarə edə bilmədiyinə işarədir. Məsələn, İsveçrəyə səfəri zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdə Tramp iki dəqiqə ərzində yalnız külək turbini haqqında danışıb.
Kornell Universitetinin Tibb Kollecində psixofarmakologiya klinikasının rəhbəri, klinik psixiatriya üzrə professor Riçard Fridman bildirib ki, bu cür danışıq pozuntuları, diqqətin yayılması və təkrarlanan fikirlər əqli pozuntu əlaməti ola bilər və bu simptomları göstərən istənilən pasienti dərhal nevropsixiatrik müayinəyə göndərərdi.
Lakin “The Guardian”ın yazdığına görə, Ağ Ev prezidentin psixi sağlamlığı ilə bağlı səsləndirilən bütün iddiaları qətiyyətlə rədd edir.
Sevinc Kərimova
