ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack region ölkələrinə ünvanlanan açıqlamasında Yaxın Şərqin gələcəyinə dair yanaşmalarını ifadə edib, qərarların məhz region xalqlarına məxsus olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Tom Barrack bildirib: “Bizim regiona mesajımız budur: bu sizin regionunuzdur və bu sizin qərarınızdır. Əlbəttə, bu sizin regional fürsətinizdir”. O, ABŞ və Qərbin proseslərin necə aparılmalı olduğuna dair hər hansı öhdəlik diktə etməyəcəyini, həmçinin yalnız neft amili ilə ortaya çıxan yeni “Sykes-Picot 3.0” mexanizminin qurulmayacağını qeyd edib.
Diplomat çıxışında Qərbin tarixi səhvlərini də etiraf edərək bildirib ki, keçmişdə tayfalar və bölgələr heç vaxt birlikdə mövcud olmaq üçün nəzərdə tutulmadığı halda süni sərhədlərlə bir araya gətirilib. Onun sözlərinə görə, “Qərb olaraq bunu şərəfli və hörmətli şəkildə deyirəm: biz işləri korladıq”.
Barrackın bu açıqlamaları regionda siyasi məsuliyyətin yerli aktorlara ötürülməsi, xarici müdaxilələrin məhdudlaşdırılması və tarixi səhvlərdən nəticə çıxarılması mesajı kimi qiymətləndirilir. Açıqlama Yaxın Şərqdə gələcək siyasi proseslər və regional əməkdaşlıq baxımından diqqət çəkən mövqe kimi dəyərləndirilir.
