ABŞ ordusu Kuba ilə bağlı mümkün hərbi addımlar üçün hazırlıq variantlarını nəzərdən keçirir. ABŞ Ordu Ehtiyat Qüvvələri Cənub Komandanlığına hərbi polis, tibbi heyət və digər dəstək bölmələrinin 90-120 gün ərzində göndərilə bilib-bilməyəcəyini araşdırır. Bu barədə CBS News məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, CBS News-un əldə etdiyi daxili hərbi sənəddə Kuba birbaşa qeyd olunmasa da, bir neçə ABŞ rəsmisi planlaşdırmanın Kuba ilə bağlı davam edən hazırlıqların tərkib hissəsi olduğunu bildirib. Bununla belə, heç bir hərbi bölməyə yerləşdirmə əmri verilməyib.
ABŞ hərbi planlaşdırıcıları daha əvvəl də Kuba ilə bağlı müxtəlif variantları nəzərdən keçiriblər. Bunların arasında minlərlə hərbçinin iştirakı ilə mümkün hava-desant əməliyyatı da olub. ABŞ rəsmiləri isə bu planların Prezident Donald Trampın və ya Pentaqonun əməliyyat keçirmək barədə yekun qərar qəbul etdiyi anlamına gəlmədiyini vurğulayıblar.
Buna görə də “ABŞ yaxın 120 gün ərzində Kubaya qarşı əməliyyat keçirəcək” ifadəsi mövcud məlumatı olduğundan daha qəti təqdim edir. Hazırkı mərhələdə söhbət 90-120 günlük müddətdə qüvvə və dəstək imkanlarının hazır olub-olmayacağının qiymətləndirilməsindən gedir.
