ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Gabbard Reuters agentliyində yayımlanan və Rusiyanın Ukraynanın bütün ərazisini, eləcə də Avropanın bir hissəsini ələ keçirməyi planlaşdırdığına dair iddiaları təkzib edib. O, bu məlumatların reallığı əks etdirmədiyini və yanlış təsəvvür yaratdığını bildirib.
Redaksiya xəbər verir ki, Tulsi Gabbard X sosial şəbəkəsində paylaşımında bu cür iddiaların qəsdən tirajlandığını, məqsədin isə ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərini əngəlləmək, cəmiyyətdə qorxu və isteriya yaratmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma müharibənin genişlənməsinə dəstək formalaşdırmağa xidmət edir.
Gabbard qeyd edib ki, ABŞ kəşfiyyatının mövcud məlumatlarına əsasən, Rusiya NATO ilə genişmiqyaslı müharibədən yayınmağa çalışır. Bu məlumatlar amerikalı siyasətçilərə əvvəlcədən təqdim olunub və müvafiq qurumlar tərəfindən təsdiqlənib.
O, əlavə olaraq bildirib ki, Reuters materialında sitat gətirilən Konqres üzvü, Demokrat Partiyasının nümayəndəsi Mayk Kuqli də həmin kəşfiyyat məlumatları ilə məlumatlandırılıb. Gabbardın fikrincə, buna baxmayaraq, mediada yayılan iddialar reallığa uyğun olmayan təhlükə təsviri formalaşdırır.
