Tramp administrasiyasının İrana qarşı mümkün yeni hərbi zərbələrə hazırlaşdığı bildirilir. Bu barədə CBS News xəbər yayıb.
Redaksiya istinadla xəbər verir ki, Vaşinqton diplomatik danışıqları davam etdirsə də, İrana qarşı əlavə hərbi əməliyyat variantlarını gündəmdə saxlayır.
Məlumata görə, hələlik yekun qərar qəbul edilməyib. ABŞ rəsmiləri hərbi hazırlıq səviyyəsini yeniləyir və mümkün İran cavabına görə bəzi hərbçilərin məzuniyyətlərini ləğv edir.
CBS yazır ki, Tramp daha əvvəl İrana zərbə endirmək qərarına “bir saat qalmış” hücumu dayandırdığını bildirib. ABŞ prezidenti bunu Körfəz ölkələrinin xahişi və davam edən danışıqlarla izah edib.
Bununla belə, Tramp Pentaqona razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı genişmiqyaslı hücuma qısa müddətdə hazır olmağı tapşırıb.
Mövzu ABŞ-İran danışıqlarının nəticəsiz qala biləcəyi və Tehranın mümkün cavab zərbələri ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir.
