ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Redaksiya xəbər verir ki, diplomat “əgər İsrail Qəzzada soyqırımı həyata keçirirsə, bu halda bunda uğursuz olur” deyərək, İsrailin mülki itkiləri azaltmaq üçün “ABŞ da daxil olmaqla heç bir ölkənin atmadığı qədər çox addım atdığını” iddia edib.
Buna baxmayaraq, BMT və beynəlxalq təşkilatların dəfələrlə xəbərdarlıq etdiyi kimi, Qəzza zolağında aclıq və humanitar böhran dərinləşməkdədir. Yerli səhiyyə mənbələrinin məlumatına görə, İsrailin ərzaq və tibbi yardım məhdudiyyətləri tətbiq etdiyi Qəzzada son 24 saat ərzində aclıq səbəbilə daha 6 nəfər həyatını itirib. Bununla da aclıqdan ölənlərin ümumi sayı 175-ə çatarkən, onlardan 93-ü isə uşaq olub.
Hazırda bölgədə humanitar yardım axınına icazə verilməməsi və infrastrukturların ciddi zədələnməsi vəziyyəti daha da ağırlaşdırır. Beynəlxalq ictimaiyyət isə atəşkəs və yardım çağırışlarını davam etdirir.
Sevinc Kərimova
