ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı mümkün hərbi əməliyyatlarla bağlı Konqresin səlahiyyətinə dair suala münasibət bildirib. O, jurnalistin hərbi zərbələr üçün qanunverici orqandan icazə alıb-almayacağı ilə bağlı sualını cavablandırıb.
Redaksiya xəbər verir ki, jurnalistin “Venesueladakı kartellərə qarşı hərbi hücumlara başlamaq üçün Konqresdən icazə istəyəcəksinizmi” sualına ABŞ prezidenti Donald Tramp “Mən onlara heç nə deməli deyiləm” cavabını verib.
Sözügedən açıqlama Vaşinqton və Karakas arasında gərginliyin artdığı bir dövrdə səsləndirilib. Trampın cavabı ABŞ administrasiyasının Venesuela ilə bağlı mümkün addımlarında Konqreslə məsləhətləşmə məsələsinə yanaşmasını nümayiş etdirən siyasi mesaj kimi qiymətləndirilir.
