ABŞ-də balıqçılar dənizdən hərbi pilotsuz aparat çıxarıblar

ABŞ-də balıqçılar dənizdən hərbi pilotsuz aparat çıxarıblar

Vüsal Şahbazov · Media ·

ABŞ-ın Florida ştatında balıqçılar Pensakola sahilləri yaxınlığında sudan iri ölçülü pilotsuz uçuş aparatı çıxarıblar. Görünüşünə görə aparat İran istehsalı Şahed dronlarına bənzəyir. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Redaksiya xəbər verir ki, ilkin müəyyənləşdirmələrə əsasən, tapılan aparat ABŞ istehsalı MQM-172 Arrowhead hədəf dronuna bənzəyir. Bu model Griffon Aerospace şirkəti tərəfindən hərbi təlim və sınaqlarda real hava təhlükələrini imitasiya etmək üçün hazırlanıb.

MQM-172 Arrowhead delta formalı qanad quruluşuna malikdir və xarici görünüşünə görə Şahed tipli kamikadze dronlarını xatırladır. İstehsalçı şirkətin məlumatına əsasən, sistem müxtəlif buraxılış üsulları ilə istifadə oluna və təlim zamanı düşmən pilotsuz aparatlarının uçuş profilini təqlid edə bilir.

Pensakola və yaxınlıqdakı Eqlin hərbi poliqonları ABŞ ordusunun aviasiya sınaqları və təlimləri üçün geniş istifadə olunur. Tapılan aparatın konkret hansı təlimə aid olduğu və suya hansı şəraitdə düşdüyü barədə ABŞ ordusu hələ rəsmi açıqlama verməyib.