Dövlət hakimiyyətinin bütün əraziyə yayılması Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur.
2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi təqdim edilir. Ölkəmizin əsas məqsədləri sırasında genişmiqyaslı təxribatların qarşısının alınması, terrorçu silahlı qüvvələrin qalıqlarının tərk-silah edilməsi və konstitusiya quruluşunun bərpası dayanırdı. Hadisənin mahiyyətini anlamaq üçün əvvəlki illərdə formalaşmış siyasi və hərbi vəziyyətə nəzər salmaq vacibdir. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilmişdi. Bununla yanaşı, Qarabağda Azərbaycan dövlətinin tam hakimiyyətinin təmin edilməsi məsələsi gündəmdə qalırdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması isə bu prosesin mühüm mərhələsi hesab edilir. Nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin sərhəd və nəzarət funksiyalarının həyata keçirilməsi baxımından əhəmiyyətli addım kimi təqdim olunur. Bu addımdan sonra Azərbaycanın öz ərazisi üzərində nəzarət imkanları daha da genişləndi. Lakin Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu təhlükəsizlik məsələsini tam aradan qaldırmamışdı.
2023-cü ilin sentyabrında baş verən hadisələr həmin vəziyyətin yeni mərhələyə keçməsinə səbəb oldu. Antiterror tədbirləri 23 saat 43 dəqiqə davam etdi. Bu qısa müddət ərzində Şanlı Azərbaycan ordusu qarşısında qoyulan vəzifələri bir daha böyük peşəkarlıqla yerinə yetirdi. Əməliyyatın nəticələrindən biri Qarabağda separatçı qurumun fəaliyyətini dayandırması oldu. Beləliklə, Azərbaycan dövlətinin konstitusion hakimiyyətinin bütün əraziyə yayılması təmin edildi. Bu hadisə suverenlik anlayışının praktiki məzmununu göstərən nümunə kimi qiymətləndirilə bilər. Çünki dövlət suverenliyi yalnız hüquqi iddianın mövcudluğu ilə deyil, dövlət hakimiyyətinin real şəkildə həyata keçirilməsi ilə də bağlıdır. Hakimiyyətin aliliyi və nəzarət funksiyasının bərpası dövlətçilik baxımından ayrıca əhəmiyyət daşıyır. 2023-cü il hadisələrinin nəticəsi 20 Sentyabr tarixinin dövlət səviyyəsində xüsusi gün kimi qeyd edilməsinin əsasını təşkil etdi.
Dövlət başçısı cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həmin tarixi hadisənin siyasi və ictimai yaddaşda möhkəmləndirilməsinə xidmət edir. Bu günün təsis edilməsi suverenliyin yalnız keçmiş nailiyyət kimi deyil, gələcəkdə qorunmalı dövlət dəyəri kimi qəbul edildiyini göstərir. Dövlət hakimiyyətinin bütün əraziyə yayılması Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Həmin mərhələnin əsas vəzifələrindən biri əldə edilmiş nəticələrin qorunması və dövlət institutlarının bütün ərazilərdə səmərəli fəaliyyətinin təmin edilməsidir. Bu baxımdan 2023-cü ilin hadisələri yalnız hərbi proses deyil, həm də dövlət quruculuğu baxımından təhlil edilən tarixi mərhələdir.
Nəzakət Məmmədova
Neftçala rayonu
