Zelenskiyə yaxın oliqarxa qarşı istintaq: Ukraynada korrupsiya qalmaqalı böyüyür

Zelenskiyə yaxın oliqarxa qarşı istintaq: Ukraynada korrupsiya qalmaqalı böyüyür

Sevinc Kərimova · Siyasət ·

Ukraynanın Milli Korrupsiyaya Qarşı Bürosu (NABU), Prezident Volodimir Zelenskiyə yaxınlığı ilə tanınan iş adamı və “Kvartal 95” studiyasının həmtəsisçisi Timur Mindichə qarşı cinayət işi açmağa hazırlaşır.

Redaksiya xəbər verir ki, yerli media Mindichin Kiyevdəki mənzilində hüquq-mühafizə orqanları tərəfindən aparılan uzunmüddətli dinləmə nəticəsində Prezident Zelenskinin də səsinin qeydə alındığını iddia edir. Hələlik bu barədə rəsmi açıqlama verilməyib, lakin yayılan məlumatlar Ukrayna ictimaiyyətində ciddi narahatlıq doğurub.

Mindich, Ukraynanın ən nüfuzlu oliqarxlarından biri olan İqor Kolomoyskinin sabiq yaxın tərəfdaşı və Prezident Zelenskinin işgüzar dairələrdəki əsas adamı hesab olunur. O, “Naftoqaz”da korrupsiya sxemlərində və müdafiə obyektlərinin tikintisi ilə bağlı şübhəli layihələrdə iştirakda ittiham olunur.

Məlumata görə, istintaq Mindichin iştirakı ilə keçirilən iclaslar zamanı müharibə dövründə dövlət sifarişləri, enerji sektorunda rüşvət sxemləri və hakimiyyət dairələrindəki maliyyə əlaqələri kimi məsələlərin müzakirə olunduğunu ortaya çıxarıb. Ukrayna parlamentindəki bəzi müxalif siyasətçilər, bu dinləmələrin Prezident Zelenskinin də istintaq çərçivəsinə daxil edilə biləcəyi ehtimalını artırdığını bildirir.

Ekspertlər hesab edir ki, Timur Mindich istintaqla əməkdaşlıq edəcəyi təqdirdə, Prezident Zelenskiyə qarşı əsas şahidə çevrilə bilər. Bəzi mənbələr bu qalmaqalın nəticəsində Zelenskinin siyasi nüfuzuna ciddi zərbə dəyə biləcəyini, hətta onun istefaya getməsi ilə nəticələnə biləcəyini istisna etmir.

Qeyd edək ki, Zelenski son aylarda NABU və digər müstəqil anti-korrupsiya institutlarının səlahiyyətlərini məhdudlaşdırmağa çalışdığı üçün beynəlxalq təşkilatlar tərəfindən də tənqid olunurdu. Lakin bu istintaqla birlikdə Ukrayna prezidentinin “islahatlar lideri” imici də ciddi şəkildə sarsıla bilər.

Sevinc Kərimova