ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq imkanlarını nəzərdən keçirir. Demokratlar Partiyasının 2024-cü ildəki prezidentliyə namizədi siyasi fəaliyyətini genişləndirərək mümkün seçki kampaniyasına hazırlıq xarakterli addımlar atır. Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Harris son aylarda siyasi donorlarla görüşlər keçirir, komandasına yeni əməkdaşlar cəlb edir və Demokratlar Partiyasının namizədlərini dəstəkləmək üçün müxtəlif ştatlarda keçirilən tədbirlərdə iştirak edir. Bu fəaliyyətlər onun 2028-ci ildə yenidən prezidentliyə namizəd ola biləcəyi barədə müzakirələri gücləndirib.
Nəşrin məlumatına görə, Harris hələlik prezident seçkilərində iştirak etmək barədə yekun qərar qəbul etməyib. Bununla belə, o, siyasi əlaqələrini qoruyub saxlayır və Demokratlar Partiyası daxilində fəallığını artırır.
Harris 2026-cı ilin aprelində Nyu-Yorkda keçirilən Milli Fəaliyyət Şəbəkəsinin tədbirində prezidentliyə yenidən namizəd olmaq ehtimalına münasibət bildirib. Sabiq vitse-prezident bu barədə düşündüyünü açıqlayaraq gələcək siyasi planlarını istisna etməyib.
Bununla yanaşı, Demokratlar Partiyası daxilində Harrisin mümkün namizədliyinə münasibət birmənalı deyil. Bəzi partiya nümayəndələri onun siyasi təcrübəsini və ölkə miqyasında tanınmasını üstünlük hesab etsələr də, digərləri 2028-ci il seçkilərinə yeni simalarla qatılmağın vacibliyini vurğulayırlar.
The Wall Street Journal yazır ki, Harrisin həyat yoldaşı Duq Emhoff onun yenidən prezidentliyə namizəd olmasına şəxsi söhbətlərində tərəddüdlə yanaşıb. Bununla belə, Emhoffun həyat yoldaşı seçkilərdə iştirak etmək qərarına gələcəyi təqdirdə onu dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, Kamala Harris 2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi Donald Trampla mübarizə aparıb. Seçkilərdə Tramp qalib gəlib və 2025-ci ilin yanvarında yenidən ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
2028-ci il prezident seçkiləri ərəfəsində Demokratlar Partiyasından bir neçə siyasətçinin mümkün namizədliyi müzakirə olunur. Onların arasında Kaliforniya qubernatoru Qevin Nyusom, keçmiş nəqliyyat naziri Pit Butticic və digər tanınmış demokratlar var.
Harrisin prezidentlik uğrunda yenidən mübarizəyə qoşulub-qoşulmayacağı barədə rəsmi qərarın nə vaxt açıqlanacağı hələlik məlum deyil.
