Humanitar diplomatiya və təhsil əlaqələri: Azərbaycan–Kamboca tərəfdaşlığının insan amili

Humanitar diplomatiya və təhsil əlaqələri: Azərbaycan–Kamboca tərəfdaşlığının insan amili

Aytac Dəniz · Siyasət ·

Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri bir çox mühim məqamlarla yadda qaldı. Ali qonağı qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səfərin nəticələri ilə bağlı mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını göstərir. Dövlətlər arasında davamlı tərəfdaşlığın formalaşmasında humanitar əlaqələr mühüm yer tutur. Təhsil, mədəniyyət və insanlar arasında birbaşa təmaslar qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaradır.

Ölkə başçısının sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması barədə xatırlatması iki ölkə arasında mövcud olmuş əlaqələrin tarixi əsaslarını diqqətə çatdırır. Bu təcrübənin bərpası gələcək əməkdaşlıq üçün əhəmiyyətli imkanlar yarada bilər. Təhsil əlaqələri dövlətlər arasında uzunmüddətli münasibətlərin qurulmasına xidmət edən mühüm vasitələrdəndir. Xarici ölkələrdə təhsil alan gənclər əldə etdikləri bilik və təcrübəni gələcək fəaliyyətlərində tətbiq edə bilirlər. Eyni zamanda, tələbə mübadiləsi müxtəlif xalqların tarixini, mədəniyyətini və dünyagörüşünü daha yaxından öyrənməyə imkan verir. Azərbaycan və Kamboca arasında qarşılıqlı təhsil imkanlarının yaradılması bu baxımdan faydalı təşəbbüs kimi qiymətləndirilə bilər. Belə proqramlar gələcəkdə iki ölkə arasında fəaliyyət göstərəcək mütəxəssislər və əlaqələndirici şəxslər üçün möhkəm zəmin formalaşdıra bilər. Təhsil sahəsində əməkdaşlığın səmərəli olması üçün tərəflərin ehtiyaclarına uyğun proqramlar hazırlanmalıdır. Universitetlər arasında birbaşa əlaqələrin qurulması və birgə akademik layihələrin təşviqi bu istiqamətdə mühüm addımlar ola bilər. Elmi tədqiqatlar və təcrübə mübadiləsi hər iki ölkənin mütəxəssislərinə yeni imkanlar aça bilər. Xüsusilə rəqəmsal texnologiyalar və müasir tədris üsulları sahəsində əməkdaşlıq perspektivləri diqqətəlayiqdir. Bu təşəbbüslərin həyata keçirilməsi üçün təhsil müəssisələri arasında müntəzəm əlaqələrin qurulması vacibdir. Cənab Prezidentin bəyanatında turizm sahəsinin də müzakirə olunan istiqamətlər sırasında yer alması humanitar münasibətlərin geniş potensialını göstərir. Turizm xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Mədəni irsin, tarixi məkanların və milli ənənələrin tanıdılması qarşılıqlı marağı artıra bilər. Turizm əlaqələrinin inkişafı eyni zamanda xidmət sektorunda iqtisadi fəallığın yüksəlməsinə şərait yarada bilər.

Bunun üçün turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi əhəmiyyətlidir. Humanitar əlaqələrin başqa bir mühüm istiqaməti dövlət xidmətləri sahəsində təcrübə mübadiləsidir. Azərbaycan tərəfindən yaradılmış “ASAN xidmət” modelinin Kambocada maraq doğurması ölkəmizin idarəçilik təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyətlidir. Bu modelin təcrübəsinin öyrənilməsi dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı fikir mübadiləsinə imkan yarada bilər. Beləliklə, təhsil, turizm, mədəniyyət və dövlət xidmətləri sahəsində əməkdaşlıq Azərbaycan–Kamboca münasibətlərinin ictimai əsaslarını gücləndirə bilər. Dğvlət başçısının vurğuladığı humanitar istiqamətlər göstərir ki, dövlətlər arasında möhkəm tərəfdaşlıq insanların bir-birini tanıması və qarşılıqlı etimadın formalaşması ilə daha da davamlı xarakter alır.

 

 Elşən Ağalarov
Neftçala rayonu