Neçirvan Bərzani: Ərdoğan Nobel Sülh Mükafatına layiqdir

Neçirvan Bərzani: Ərdoğan Nobel Sülh Mükafatına layiqdir

Nizami Salmanov · Media ·

İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Türkiyədə kürd problemini həll edən şəxsin Nobel Sülh Mükafatına layiq olacağını bildirib. O, bu mükafata layiq görülə biləcək əsas şəxsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu vurğulayıb. Bu barədə Euronews nəşri oktyabrın 12-də məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Bərzani İraqın Ərbil şəhərində Yaxın Şərq Araşdırmaları İnstitutunun təşkil etdiyi MERI Forum 2026 tədbirində çıxış edərək Türkiyədə davam edən sülh prosesini qiymətləndirib. Onun sözlərinə görə, kürd probleminin həlli istiqamətində aparılan danışıqlar ciddi xarakter daşıyır və proses tədricən irəliləyir.

"Türkiyədə kürd problemini həll edən şəxs Nobel Sülh Mükafatına layiqdir. Bu, ilk növbədə cənab Prezident Ərdoğana aiddir", - deyə Bərzani bildirib.

İraq Kürdüstanının rəhbəri qeyd edib ki, son iki ildə Türkiyə Prezidentinin mövqeyini müşahidə edərək sülh prosesinə ciddi yanaşıldığı qənaətinə gəlib. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın da məsələnin həllində maraqlı olduğunu düşündüyünü bildirib.

Bərzaninin sözlərinə görə, prosesin irəliləyişi gözləniləndən yavaş olsa da, danışıqlar düzgün istiqamətdə davam edir. O, uzun illərdir mövcud olan problemin qısa müddətdə həll edilməsinin mümkün olmadığını və bunun üçün səbir, siyasi iradə və davamlı əməkdaşlıq tələb olunduğunu vurğulayıb.

"Sülh prosesi yavaş, lakin düzgün və məqsədəuyğun istiqamətdə irəliləyir. Bu proses uğurla nəticələnsə, Türkiyəni tamamilə fərqli mərhələyə daşıyacaq və bütün ölkənin xeyrinə olacaq", - deyə Bərzani əlavə edib.

O, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə bağlı diqqətçəkən məqamı da açıqlayıb. Bərzani bildirib ki, Baxçalı xəstəxanada müalicə aldığı dövrdə Ərdoğanla söhbətində kürdlərin onun sağalması üçün dua etdiyini söyləyib.

"Dünya o qədər dəyişib ki, artıq kürdlər Baxçalının sağalması üçün dua edirlər. Bu, dəyişikliklərin və məsələyə nə qədər ciddi yanaşdığımızın göstəricisidir", - deyə Bərzani həmin söhbəti xatırladıb.

Qeyd edək ki, Türkiyədə kürd probleminin həlli istiqamətində yeni siyasi proses 2024-cü ilin sonlarından etibarən fəallaşıb. 2025-ci ilin fevralında Abdullah Öcalan PKK-nı silahı yerə qoymağa və təşkilatı buraxmağa çağırıb. Bu çağırış Türkiyədə uzunmüddətli silahlı qarşıdurmanın dayandırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib.

Bərzani Türkiyədə davamlı sülhün əldə olunmasının yalnız ölkənin daxili sabitliyi üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və iqtisadi inkişafı baxımından da əhəmiyyətli olacağını bildirib.