Ukrayna prezidenti Volodimir Zelenski Avropa Şurası ilə yüksək rütbəli Rusiya rəsmilərinin "aqressiya cinayəti" üzrə məsuliyyətə cəlb olunması məqsədilə xüsusi tribunalın yaradılmasına dair razılaşma imzalayıb.
Redaksiya xəbər verir ki, Zelenski bu addımı beynəlxalq hüquq normalarının qorunması üçün zəruri hesab edib:
“Açıq şəkildə göstərməliyik ki, təcavüz cəzasız qalmır və belə halların sonu cəza ilə nəticələnir”, — deyə o vurğulayıb.
Qeyd olunur ki, yeni tribunalın məqsədi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) səlahiyyətləri çərçivəsində mövcud olan boşluqları doldurmaqdır. BCM “aqressiya cinayəti” üzrə birbaşa ittiham irəli sürə bilmir.
Avropa Şurası bu tribunalın gələn il fəaliyyətə başlamasını planlaşdırır. Prosesə müxtəlif dövlətlərin dəstək verəcəyi gözlənilir.
Bu, Avropa Şurasının təşəbbüsü ilə yaradılan ilk beynəlxalq tribunal olacaq. Tribunalın məqsədi Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən hadisələrdə günahkar olan yüksək səviyyəli şəxsləri hüquqi məsuliyyətə cəlb etməkdir.
Sevinc Kərimova
