Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı Ukraynanın birinci dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib. Mükafat onun Ukraynaya humanitar dəstəyinə, işğal altındakı ərazilərdən mülki şəxslərin təxliyəsinə və ukraynalı uşaqların xilasına verdiyi töhfələrə görə təqdim olunub. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, müvafiq qərar Zelenskinin noyabrın 2-də imzaladığı 1079/2026 nömrəli fərmanda əksini tapıb. Sənəd noyabrın 4-də ictimaiyyətə açıqlanıb.
Fərmanda Melaniya Trampın Ukraynaya humanitar yardım göstərilməsində, insan hüquqlarının müdafiəsində və xeyriyyəçilik fəaliyyətində mühüm şəxsi rol oynadığı vurğulanıb.
Xüsusilə Rusiyanın nəzarətindəki ərazilərdən qanunsuz deportasiya edilmiş və ya məcburi köçürülmüş ukraynalı uşaqların ailələrinə qaytarılması istiqamətində göstərdiyi səylər qeyd olunub.
Melaniya Trampın humanitar fəaliyyətinin əsas istiqamətlərindən biri Xerson vilayətinin Rusiya nəzarətində olan Oleşki şəhərində mülki əhalinin təxliyəsinin təşkil edilməsi olub.
Ukrayna rəsmilərinin məlumatına görə, ABŞ-ın birinci xanımı bölgədə altı günlük müvəqqəti atəşkəsin əldə olunmasında mühüm vasitəçilik rolu oynayıb. Razılaşma humanitar yardımların çatdırılmasına və mülki şəxslərin təhlükəli ərazidən çıxarılmasına imkan yaradıb.
Melaniya Trampın açıqlamasına əsasən, humanitar əməliyyat nəticəsində təxminən 800 nəfər təxliyə edilib.
Ukrayna Prezidentinin digər fərmanı ilə Melaniya Trampın baş müşaviri Mark Bekman da humanitar yardım və təxliyə səylərinə verdiyi töhfəyə görə “Qızıl ürək” mükafatına layiq görülüb.
“Knyaginya Olqa” ordeni Ukraynada dövlət idarəçiliyi, elm, təhsil, mədəniyyət, xeyriyyəçilik və digər sahələrdə xüsusi xidmətləri olan qadınlara təqdim edilən dövlət təltifidir.
