ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Ukraynada Starshield peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin kim tərəfindən qərarlaşdırıldığını araşdırmağa hazırlaşır. Demokratların 2027-ci ilin yanvarında Konqresin yeni çağırışında nəzarəti ələ almasından sonra məsələ ilə bağlı geniş araşdırmanın aparılması gözlənilir. Bu barədə CNN məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, komitə gələcək araşdırmalar üçün sənədlərin qorunub saxlanılması məqsədilə özəl şirkətlərə və ABŞ administrasiyasına rəsmi məktublar göndərib.
Belə məktublardan biri SpaceX şirkətinin rəhbəri İlon Maska ünvanlanıb. Komitə Ukraynada Starshield sisteminin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı sənədlərin saxlanılmasını tələb edib.
CNN-in məlumatına görə, məktublar mümkün araşdırmalardan əvvəl sübutların qorunmasını təmin etməyə yönəlib. Bu prosedur məktub alan şəxslərin və ya şirkətlərin qanun pozuntusuna yol verdiyinin təsdiqi hesab olunmur.
Oktyabr ayında Ukrayna rəsmiləri Starlink və onun hərbi təyinatlı Starshield sistemlərinin fəaliyyətində məhdudiyyətlər yarandığını bildirmişdilər.
Ukrayna tərəfinin açıqlamalarına görə, peyk rabitəsindəki problemlər bəzi hərbi əməliyyatlara və pilotsuz uçuş aparatlarının istifadəsinə təsir göstərib.
İlon Mask isə Ukrayna Silahlı Qüvvələrinin Starlink-dən istifadə şərtlərini pozduğunu iddia edərək sistemin hücum xarakterli hərbi əməliyyatlar üçün nəzərdə tutulmadığını vurğulayıb.
ABŞ administrasiyası Starshield-ə tətbiq olunan məhdudiyyətlərin onun göstərişi ilə həyata keçirildiyi barədə iddiaları rədd edib.
Bundan əvvəl demokrat senator Riçard Blumental da Ukraynanın peyk rabitəsinə çıxışının məhdudlaşdırılması ilə bağlı araşdırma təşəbbüsü irəli sürmüşdü.
Hazırlanan yeni araşdırmada əsas məsələlərdən biri Starshield sisteminin fəaliyyətinin məhdudlaşdırılması qərarının Ağ Ev, Pentaqon, yoxsa SpaceX tərəfindən verildiyini müəyyənləşdirmək olacaq.
Hələlik bu qərara görə konkret şəxsin və ya qurumun məsuliyyət daşıdığı müəyyən edilməyib.
