Melaniya Trampın iştirakı ilə doqquz uşaq Ukraynaya qaytarılacaq

Melaniya Trampın iştirakı ilə doqquz uşaq Ukraynaya qaytarılacaq

Nizami Salmanov · Media ·

Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova noyabr ayında doqquz uşağın Ukraynadakı yaxınlarına qaytarılması üçün ABŞ-ın birinci xanımı Melaniya Trampla birgə yeni humanitar təşəbbüsün həyata keçiriləcəyini açıqlayıb.

Redaksiya məlumat verir ki, Lvova-Belova Ağ Evdə Melaniya Trampla görüşərək humanitar məsələləri, o cümlədən müharibə nəticəsində ailələrindən ayrı düşmüş uşaqların yaxınlarına qovuşdurulmasını müzakirə etdiyini bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, tərəflər uşaqların ailələrinə qaytarılması istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

“Uşaqların yaxınlarına qaytarılmasında şəxsi iştirakına və köməyinə görə Melaniya Trampa təşəkkür edirəm. Bu işi davam etdiririk. Noyabr ayında ABŞ-ın birinci xanımı ilə növbəti birgə ailə birləşməsi mərhələsinə hazırlaşırıq. Doqquz uşağın Ukraynadakı yaxınlarına qayıtmasına kömək etməyi planlaşdırırıq”, – deyə Lvova-Belova bildirib.

Açıqlamada uşaqların hazırda harada olduqları, yaşları və onların qaytarılmasının konkret hansı tarixdə həyata keçiriləcəyi barədə məlumat verilməyib.

Lvova-Belova doqquz uşağın qaytarılmasının hələ planlaşdırma mərhələsində olduğunu bildirib. Təşəbbüsün faktiki olaraq həyata keçirildiyi barədə məlumat yoxdur.

Qeyd edək ki, Mariya Lvova-Belova Ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin 2023-cü ildə həbs qərarı çıxardığı şəxslərdən biridir. Rusiya tərəfi bu ittihamları rədd edir.