Yunanıstanda “Yunan Həlli” Partiyasının lideri Kiriakos Velopulos Türkiyəyə qarşı sərt və təxribat xarakterli açıqlamalar verib.
Redaksiya xəbər verir ki, Velopulos parlamentdə çıxışı zamanı “Mavi Vətən” doktrinası üzərindən Mitsotakis hökumətini hədəfə alıb.
O, Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki fəaliyyətinə qarşı daha sərt mövqe tələb edib.
Velopulos çıxışında “Türkiyə gəmilərini indi batırın!” ifadəsini işlədib.
Bu açıqlama Yunanıstanda daxili siyasi müzakirələri daha da qızışdırıb və Türkiyə ilə münasibətlərdə gərgin ritorikanı yenidən gündəmə gətirib.
“Mavi Vətən” doktrinası Türkiyənin dəniz yurisdiksiya sahələri, enerji resursları və regional təhlükəsizlik strategiyası ilə bağlı əsas konsepsiyalarından biri hesab olunur.
Yunanıstan müxalifətinin bir hissəsi hökuməti Türkiyəyə qarşı kifayət qədər sərt olmamaqda ittiham edir, Afina isə Ankara ilə gərginliyin hərbi qarşıdurmaya çevrilməməsi üçün diplomatik balans saxlamağa çalışır.
