Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel ölkədə tənqidçilərə və jurnalistlərə təzyiq göstərildiyini iddia edib.
Redaksiya Taker Karlsonun proqramına istinadla xəbər verir ki, Mendel ukraynalıların Zelenskiyə qarşı açıq danışmaqdan çəkindiyini bildirib.
Onun sözlərinə görə, 2022-ci ildən sonra Zelenski Qərbdə qəhrəman simvoluna çevrildiyi üçün Qərb mediası Ukrayna daxilində artan narazılıqları uzun müddət görməzdən gəlib.
Mendel bildirib ki, səfərbərlik, korrupsiya, elektrik kəsintiləri və müharibənin uzanması Ukrayna cəmiyyətində ciddi yorğunluq yaradıb.
O, sosial şəbəkələrdə Zelenskiyə qarşı yayılan viral kampaniyalara da diqqət çəkərək, bir çox ukraynalının artıq nə uğrunda döyüşdüyünü anlamadığını deyib.
Mendel əlavə edib ki, Ukraynadakı böhranın dərinləşməsində qorxu mühiti və Qərbin susqunluğu mühüm rol oynayır.
