Yeni trend: İşçilər özlərinə tükənmişlik fondu yaradır

Yeni trend: İşçilər özlərinə tükənmişlik fondu yaradır

Fərid Əlizadə · Media ·

Dünyanın müxtəlif ölkələrində çalışan insanlar ev, toy və ya pensiya üçün pul yığmaqla yanaşı, artıq ayrıca "tükənmişlik fondu" da yaratmağa başlayıblar. Məqsəd iş yükü dözülməz həddə çatdıqda və yeni iş tapmadan istefa vermək lazım gəldikdə maliyyə baxımından təhlükəsiz qalmaqdır. Bu barədə Business Insider məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, bu fond gündəlik qənaətdən və digər uzunmüddətli yığımlardan ayrıca saxlanılır. İşçilər burada bir neçə aylıq yaşayış xərclərini qarşılayacaq qədər vəsait toplamağa çalışırlar.

Məbləğin əsas məqsədi insanın işdən ayrıldıqdan sonra dərhal yeni vəzifə qəbul etmək məcburiyyətində qalmamasıdır. Bu vəsait istirahət dövründə kirayə, kommunal ödənişlər, ərzaq və digər əsas xərcləri qarşılamaq üçün nəzərdə tutulur.

Belə maliyyə yastığı işçiyə tükənmişlikdən sonra müəyyən müddət dincəlmək, sağlamlığını bərpa etmək və daha uyğun yeni iş axtarmaq imkanı verir. Trend iş həyatında psixoloji yük və peşəkar tükənmişliklə bağlı narahatlıqların artdığını göstərir.