Yaponiyanın Baş naziri Sanae Takaiti Rusiya Prezidenti Vladimir Putinin Etorofu adasına səfərinə sərt etiraz edib. O bildirib ki, Yaponiya Şimal ərazilərini həm tarixi baxımdan, həm də beynəlxalq hüquqa əsasən öz ərazisinin ayrılmaz hissəsi hesab edir.
Redaksiya xəbər verir ki, Takaiti Putinin Etorofu səfərinin Yaponiyanın Şimal əraziləri ilə bağlı uzunmüddətli mövqeyi ilə bir araya sığmadığını deyib. Baş nazir bu addımın Yaponiya xalqının hisslərinə toxunduğunu və tamamilə qəbuledilməz olduğunu vurğulayıb.
Takaitinin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Yaponiya və Rusiya arasındakı münasibətlər onsuz da mürəkkəb vəziyyətə düşüb. O bildirib ki, Tokio bu şəraitdə belə münasibətləri qorumaq üçün mümkün səyləri göstərib.
Baş nazir əlavə edib ki, Putinin səfəri Yaponiyada Rusiya əleyhinə əhvali-ruhiyyəni daha da gücləndirib və orta, eləcə də uzunmüddətli perspektivdə ikitərəfli münasibətlərin bərpasını çətinləşdirib. Takaiti Moskvanı yaranmış vəziyyətin ciddiliyini nəzərə almağa çağırıb.
