Yaxın Şərqdə gərginlik artır, BMT Təhlükəsizlik Şurası toplanır

Yaxın Şərqdə gərginlik artır, BMT Təhlükəsizlik Şurası toplanır

Sona Osmanova · Media ·

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi paralel hava əməliyyatları fonunda beynəlxalq aləmdən münaqişələrlə bağlı açıqlamalar gəlir.

Redaksiya BBC-yə istinadən məlumat verir ki, Birləşmiş Krallıq, Fransa və Almaniya birgə bəyanat yayaraq İranın "bölgədəki ölkələrə qarşı hücumlarını ən sərt şəkildə qınadıqlarını" bildiriblər. Bu ölkələr, adı çəkilən əməliyyatda iştirak etmədiklərini qeyd edərək, ABŞ və İsrail daxil olmaqla "beynəlxalq tərəfdaşlarla sıx təmasda olduqlarını" vurğulayıblar. Üç ölkə İranı "nüvə proqramına son qoymağa, ballistik raket proqramını məhdudlaşdırmağa, bölgədə sabitliyi pozan fəaliyyətlərindən əl çəkməyə, öz xalqına qarşı tətbiq etdiyi dəhşətli zorakılıq və təzyiqə son qoymağa" çağırıb.

Birləşmiş Millətlər Təhlükəsizlik Şurası təcili iclas keçirəcəyini elan edib. Tələbi Bəhreyn, Kolumbiya, Çin, Rusiya və Fransa irəli sürüb. Səudiyyə Ərəbistanı isə İranın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, İordaniya və Küveytə qarşı hücumlarını qınayıb. Bu ölkələrlə "tam həmrəy" olduğunu bildirən Səudiyyə Xarici İşlər Nazirliyi yazılı açıqlamasında, "beynəlxalq hüququn bu cür pozuntularının davam etməsi halında ciddi nəticələr doğuracağı" barədə "xəbərdarlıq edib". Səudiyyə Ərəbistanı "diplomatiyaya çağırış etdiyini", lakin "özünü müdafiə hüququnu da özündə saxladığını" bildirib.

İndoneziya Xarici İşlər Nazirliyi ölkə prezidenti Prabowo Subiantonun İran ilə ABŞ arasında vasitəçilik təklif etdiyini açıqlayıb. İspaniya Baş naziri Pedro Sançes həm ABŞ və İsrailin "birərəfli hərbi əməliyyatına", həm də "İran rejiminin və İnqilab Keşikçilərinin hərəkətlərinə" qarşı olduğunu bildirib. Sançes, "Dərhal gərginliyin azaldılmasını və beynəlxalq hüquqa tam hörmət edilməsini tələb edirik" deyə əlavə edib.