Yaponiyada dünyanın ən böyük atom stansiyasının yenidən işə salınması dayandırıldı

Yaponiyada dünyanın ən böyük atom stansiyasının yenidən işə salınması dayandırıldı

Səidə Əsədli · Texnologiya ·

Yaponiyada Fukuşima fəlakətindən sonra fəaliyyəti dayandırılmış Kaşivazaki-Kariwa Atom Elektrik Stansiyasında yenidən istismara buraxılma prosesi texniki nasazlıq səbəbindən dayandırılıb. Dünyanın potensial gücünə görə ən böyük atom elektrik stansiyasında bir reaktorun işə salınması zamanı müşahidə sistemində xəbərdarlıq siqnalının işə düşməsi əməliyyatların dərhal dayandırılmasına səbəb olub.

Redaksiya məlumat verir ki, Niigata prefekturasında yerləşən və Tokyo Electric Power Company (TEPCO) tərəfindən idarə olunan stansiyada reaktorun işə salınması nüvə tənzimləyicisindən alınan son təsdiqdən sonra çərşənbə günü gec saatlarda başlayıb. Lakin start mərhələsində müşahidə sistemindən alarm daxil olub və bunun ardınca bütün əməliyyatlar dayandırılıb.

TEPCO-nun sözçüsü Takaşi Kobayaşi bildirib ki, nasazlıq elektrik avadanlığında aşkar edilib və problemin qısa müddətdə aradan qaldırıla bilməyəcəyi məlum olduqdan sonra idarəetmə çubuqları planlı şəkildə yenidən reaktorun içinə yerləşdirilib. Onun sözlərinə görə, reaktor hazırda “stabil vəziyyətdədir” və stansiya hüdudlarından kənarda hər hansı radioaktiv risk mövcud deyil. Qeyd edilib ki, idarəetmə çubuqları nüvə zəncirvari reaksiyasını tənzimləmək üçün istifadə olunur və tam yerləşdirildikdə reaksiyanı tam dayandırmaq mümkündür.

Yenidən istismara buraxılma prosesinin əslində çərşənbə axşamı başlanması planlaşdırılırdı. Lakin ötən həftəsonu idarəetmə çubuqlarının çıxarılması zamanı aşkar edilən başqa texniki problem səbəbindən proses təxirə salınmışdı. TEPCO həmin problemin bazar günü aradan qaldırıldığını açıqlamışdı. Kaşivazaki-Kariwa Atom Elektrik Stansiyasında ümumilikdə 7 reaktor mövcuddur, hazırkı mərhələdə isə yalnız 1 reaktorun yenidən işə salınması nəzərdə tutulur. Stansiya 2011-ci ildə baş verən güclü zəlzələ və sunami nəticəsində Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında 3 reaktorda ərimə baş verdikdən sonra bağlanmışdı və Kaşivazaki-Kariwa 2011-dən sonra TEPCO tərəfindən yenidən istismara qaytarılması planlaşdırılan ilk atom stansiyasıdır.

Yaponiyanın hökuməti fosil yanacaqlardan asılılığı azaltmaq, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq və süni intellektlə bağlı artan enerji tələbatını ödəmək məqsədilə atom enerjisindən istifadənin bərpasını hədəfləyir. Lakin Niigata prefekturasında ictimai rəy bu məsələ ilə bağlı ciddi şəkildə bölünüb. Sentyabr ayında keçirilən sorğuya əsasən, bölgə sakinlərinin təxminən 60 faizi stansiyanın yenidən açılmasına qarşı çıxır, 37 faizi isə bu addımı dəstəkləyir. 73 yaşlı Yumiko Abe etiraz aksiyası zamanı AFP-yə bildirib ki, “Kaşivazaki-də istehsal olunan elektrik Tokiyoya göndərilir. Bəs niyə buradakı insanlar riskə atılmalıdır? Bunun heç bir məntiqi yoxdur”. Bu ayın əvvəlində stansiyanın açılmasına qarşı çıxan 7 qrup TEPCO-ya və Yaponiya Nüvə Tənzimləmə Qurumuna təxminən 40 min imza toplanmış petisiya təqdim edib.