xAI keçmiş mühəndisini məxfi məlumatları oğurlamaqda ittiham edir

xAI keçmiş mühəndisini məxfi məlumatları oğurlamaqda ittiham edir

Fərid Əlizadə · İqtisadiyyat ·

İlon Maskın təsis etdiyi xAI şirkəti Kaliforniya federal məhkəməsində keçmiş mühəndisi Syuçen Li barəsində iddia qaldırıb. Şirkət onu Grok adlı çatbotla bağlı kommersiya sirlərini oğurlayaraq OpenAI-ya ötürməkdə günahlandırır.

Redaksiya xəbər verir ki, məhkəmə sənədlərinə əsasən Li 2025-ci ilin iyulunda OpenAI-da işə başlamazdan əvvəl xAI-nin məxfi süni intellekt texnologiyası ilə bağlı sənədləri götürüb. İddiaya görə, bu texnologiya ChatGPT-dən daha üstün imkanlara malikdir. Avqustun 14-də keçirilən görüşdə Li sənədləri oğurladığını və “izləri gizlətməyə çalışdığını” etiraf edib.

Daha sonrakı araşdırmalarda onun cihazlarında açıqlanmamış əlavə materialların da olduğu müəyyən edilib. xAI bu sirlərin OpenAI-ın ChatGPT modelinə “daha innovativ süni intellekt və yaradıcı funksiyalar” qazandıra biləcəyini iddia edir.

İddiada maliyyə təzminatı və Linin OpenAI-da fəaliyyətinin məhdudlaşdırılması üçün məhkəmə qadağası tələb olunur. Hadisə xAI ilə OpenAI arasında süni intellekt sahəsində istedadlı kadrlar və texnologiya uğrunda gərgin rəqabəti bir daha gündəmə gətirib.

Fərid Əlizadə