Almaniyanın avtomobil nəhəngi Volkswagen Porsche ilə bağlı milyardlarla avroluq dəyər itkisi və avtomobil bazarında vəziyyətin pisləşməsi fonunda 2026-cı il üzrə maliyyə proqnozlarını kəskin şəkildə aşağı salıb. Şirkət bu il üçün gözlənilən birdəfəlik xərclərin 10 milyard avroya çatacağını açıqlayıb.
Redaksiya xəbər verir ki, Volkswagen əvvəllər 2026-cı il üçün 4-5,5 faiz arasında əməliyyat mənfəəti marjası gözləyirdi. Şirkət yeni proqnozda bu göstəricini maksimum 1 faizə endirib. Porsche bölməsində isə yeni orta müddətli gözləntilərlə əlaqədar təxminən 6 milyard avroluq dəyər itkisi qeydə alınıb.
Volkswagen-in illik gəlir proqnozu da əvvəlki illə müqayisədə təxminən 7 milyard avro azaldılaraq 315 milyard avroya endirilib. Şirkət rəhbərliyi xüsusilə Çin bazarında vəziyyətin pisləşdiyini, elektrik avtomobillərinə tələbin sürətlə dəyişdiyini və Asiya istehsalçılarının rəqabət təzyiqinin artdığını bildirib.
Maliyyə proqnozunun aşağı salınmasından sonra Volkswagen səhmləri Frankfurt birjasında 5,6 faiz ucuzlaşıb, gün ərzində itki 7 faizi ötüb. Porsche AG səhmləri 3,3 faiz, Porsche SE səhmləri isə 4,9 faiz dəyər itirib.
Volkswagen maliyyə direktoru Arno Antlits vəziyyəti ciddi xəbərdarlıq siqnalı adlandıraraq şirkətin itirəcək vaxtının olmadığını deyib. Volkswagen 2030-cu ilədək işçi sayını mərhələli şəkildə azaltmağı, milyardlarla avroya qənaət etməyi və Almaniyadakı bəzi müəssisələrinin gələcəyini yenidən nəzərdən keçirməyi planlaşdırır.
Şirkətin Osnabrük zavodunda avtomobil istehsalının 2027-ci ildən dayandırılması nəzərdə tutulur. Eyni zamanda Almaniyanın IG Metall həmkarlar ittifaqı Volkswagen də daxil olmaqla müxtəlif müəssisələrdə genişmiqyaslı etiraz aksiyalarına hazırlaşır və avtomobil sənayesində ixtisarlar əvəzinə investisiya və innovasiyanın artırılmasını tələb edir.
