Almaniya Rusiya ilə mümkün genişmiqyaslı hərbi qarşıdurma ssenarisinə hazırlıq çərçivəsində ordunun, səhiyyə sisteminin və logistika infrastrukturunun imkanlarını genişləndirir. Berlin mümkün NATO-Rusiya münaqişəsi zamanı ölkənin əsas tranzit və tibbi təminat mərkəzlərindən birinə çevrilə biləcəyini nəzərə alaraq yeni hazırlıq tədbirləri həyata keçirir. Bu barədə “İzvestiya” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Bundesverin hesablamalarına əsasən, genişmiqyaslı münaqişə zamanı Almaniyaya gündəlik minə qədər yaralı hərbçi gətirilə bilər. Ölkədəki beş hərbi hospitalın belə yükü qarşılamaq üçün kifayət etməyəcəyi nəzərə alınaraq mülki xəstəxanaların da hərbi yaralıların qəbuluna hazırlanması planlaşdırılır.
Almaniya hakimiyyəti xəstəxanalarda qorunan tibbi zonaların yaradılması, dərman və tibbi avadanlıq ehtiyatlarının artırılması, həkimlərin kütləvi döyüş travmaları ilə işləməyə hazırlanması kimi variantları nəzərdən keçirir. Ulm şəhərində Soyuq müharibə dövründən qalmış və təxminən 2 min nəfər üçün nəzərdə tutulmuş tibbi bunkerin yenidən istifadəyə verilməsi də müzakirə olunur.
Berlin paralel olaraq ölkənin NATO qüvvələrinin şərq istiqamətinə daşınması üçün logistika mərkəzinə çevrilməsinə hazırlaşır. Almaniyanın əvvəlki müdafiə planlarında yüz minlərlə hərbçinin və böyük həcmdə hərbi texnikanın ölkə ərazisi üzərindən Polşa və Baltik istiqamətinə daşınması ssenariləri nəzərdə tutulub.
Almaniya müdafiə naziri Boris Pistorius daha əvvəl ölkənin 2029-cu ilədək mümkün hərbi qarşıdurmaya hazır vəziyyətə gətirilməsinin vacibliyini bildirmişdi. Kansler Fridrix Merts isə Bundesveri Avropanın ən güclü ənənəvi ordularından birinə çevirmək niyyətini açıqlayıb.
Bununla belə, Almaniyanın bu hazırlıqları Rusiyaya qarşı müharibəyə başlamaq qərarı kimi deyil, NATO-nun çəkindirmə və mümkün hücuma qarşı müdafiə planlarının bir hissəsi kimi təqdim olunur. Berlin və NATO rəsmiləri tədbirləri Rusiyadan qaynaqlandığını bildirdikləri uzunmüddətli təhlükəsizlik risklərinə hazırlıqla əsaslandırırlar.
