Venesuela rəhbərliyi ABŞ Prezidenti Donald Trampın ölkəni ABŞ-ın 51-ci ştatı etmək fikri ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Redaksiya GDH-yə istinadla xəbər verir ki, Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriges ölkəsinin suverenliyinin müzakirə mövzusu olmadığını bildirib. O, Venesuelanın azad və müstəqil ölkə olduğunu vurğulayıb.
Rodriges açıqlamasını Niderlandın Haaqa şəhərində, Venesuela ilə Qayana arasında mübahisəli Esekibo bölgəsi üzrə Beynəlxalq Ədalət Məhkəməsində keçirilən proses fonunda verib. Onun sözlərinə görə, venesuelalıları müəyyən edən əsas xüsusiyyətlərdən biri müstəqillik mübarizəsinə bağlılıqdır.
Tramp daha əvvəl Fox News-a açıqlamasında Venesuelanın ABŞ-ın 51-ci ştatı olması variantını ciddi şəkildə nəzərdən keçirdiyini demişdi. ABŞ lideri həmçinin Venesuelanın böyük neft ehtiyatlarına diqqət çəkmişdi.
Esekibo bölgəsi uzun illərdir Venesuela ilə Qayana arasında mübahisə predmetidir. Neft və mineral ehtiyatları ilə zəngin olan bu ərazi Qayana torpaqlarının təxminən üçdə ikisini təşkil edir, Karakas isə bölgə üzərində tarixi hüquqlarının olduğunu bildirir.
