Venesuela vitse-prezidenti Delsi Rodriges ölkədə yalnız bir legitim prezidentin olduğunu bildirib və bunun Nikolas Maduro olduğunu bəyan edib. O, prezident Maduro və onun həyat yoldaşının azad edilməsini tələb edərək, Venesuelanın heç bir ölkənin müstəmləkəsi olmayacağını vurğulayıb.
Redaksiya xəbər verir ki, Delsi Rodriges xalqa müraciətində sakitliyə və birliyə çağırış edərək, ölkədə fəaliyyət göstərən hökumətin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Venesuela istənilən çağırışa hazırdır və hərbi müdaxiləyə imkan verilməyəcək.
Vitse-prezident qeyd edib ki, Venesuela xalqı indiyədək bütün hücumlara qarşı müqavimət göstərib və bu yolu davam etdirəcək. O, ölkənin suverenliyinin və təhlükəsizliyinin bütün güclə qorunacağını xüsusi olaraq vurğulayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp isə açıqlamasında Delsi Rodrigesin “biz nə lazımdırsa edəcəyik” ifadəsini işlətdiyini iddia edərək, Venesuela rəhbərliyinin başqa seçiminin olmadığını bildirib.
