ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşır.
Redaksiya xəbər verir ki, görüş 8 avqust Cümə günü Vaşinqtonda baş tutacaq. Ermənistan hökumətinin sözçüsü Nazeli Bağdasaryan Paşinyanın 7–8 avqust tarixlərində ABŞ-a rəsmi səfər edəcəyini, bu çərçivədə mühüm görüşlərin keçiriləcəyini açıqlayıb.
Bağdasaryanın sözlərinə görə, üçtərəfli zirvədə Cənubi Qafqazda sülhün bərqərar olması, regional rifahın artırılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi kimi mövzular müzakirə olunacaq.
“Washington Post” yazır ki, Ağ Evdə keçiriləcək görüş təkcə simvolik xarakter daşımır, həm də nəticəyə yönəlik bir zirvə olacaq. Qəzetin Ağ Ev mənbələrinə istinadən verdiyi məlumata görə, Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin elan edilməsi ehtimalı yüksəkdir. İsmi açıqlanmayan ABŞ rəsmiləri də anlaşma elanının gündəmdə olduğunu təsdiqləyiblər.
Sevinc Kərimova
