Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ və Ukrayna ilə əlaqəli obyektə qarşı planlaşdırıldığı bildirilən sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb. O, hadisənin arxasında Rusiya kəşfiyyatının dayandığından şübhələndiklərini bildirib.
Redaksiya xəbər verir ki, Frederiksen Danimarka təhlükəsizlik qüvvələrinin mümkün hücumun qarşısını aldığını qeyd edib.
“ABŞ və Ukrayna ilə əlaqəli obyektə qarşı sui-qəsd cəhdinin qarşısını almışıq. Hesab edirik ki, bu əməliyyat Rusiya kəşfiyyatı tərəfindən təşkil olunub”, – deyə Danimarkanın Baş naziri bildirib.
Frederiksenin açıqlamasına əsasən, Danimarka tərəfi hadisənin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu ehtimal edir. Bununla belə, Rusiyanın mümkün iştirakına dair konkret sübutlar açıqlanmayıb.
Hədəfə alındığı bildirilən obyektin yerləşdiyi ərazi, təyinatı və hücum cəhdinin hansı şəraitdə qarşısının alındığı barədə əlavə məlumat verilməyib.
Hadisə ilə əlaqədar saxlanılan şəxslərin olub-olmadığı və Rusiya tərəfinin ittihamlara münasibəti də açıqlanmayıb.
