Vaşinqton İrana strateji mesaj verdi

Vaşinqton İrana strateji mesaj verdi

Yulduz Səlimov · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələri nadir addım ataraq Ohio sinfinə aid nüvə ballistik raket sualtı qayığının Gibraltarda olduğunu açıq şəkildə təsdiqləyib.

Redaksiya “Stars and Stripes” və “Wall Street Journal”a istinadla xəbər verir ki, sualtı qayığın mayın 10-da Gibraltar limanına daxil olduğu bildirilib. Yerli mənbələr və müşahidəçilər bunun USS Alaska olduğunu qeyd ediblər. ABŞ Altıncı Donanması isə səfərin Vaşinqtonun hərbi imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sadiqliyini nümayiş etdirdiyini açıqlayıb.

Hadisə Prezident Donald Trampın İranın son təklifini rədd etməsindən sonra baş verib. Bu səbəbdən sualtı qayığın açıq şəkildə göstərilməsi Vaşinqtonun Tehrana qarşı çəkindirmə siqnalı kimi qiymətləndirilir.

Ohio sinfinə aid ballistik raket sualtı qayıqları ABŞ-ın nüvə triadasının ən gizli və sağqalma ehtimalı ən yüksək komponentlərindən sayılır. Belə gəmilərin hərəkət marşrutları adətən məxfi saxlanılır və onların yeri nadir hallarda ictimaiyyətə açıqlanır.

USS Alaska kimi strateji sualtı qayıqlar Trident II ballistik raketləri daşıya bilir. Açıq mənbələrə görə, bu tip sualtı qayıqlar 20-yə qədər ballistik raketlə təchiz oluna bilər və ABŞ-ın “ikinci zərbə” qabiliyyətinin əsas hissələrindən biri hesab edilir.

Bu addımın səbəbi təkcə liman səfəri deyil. Əsas mesaj İranla gərginlik fonunda ABŞ-ın Aralıq dənizi və Yaxın Şərq istiqamətində nüvə çəkindirmə imkanlarını nümayiş etdirməsidir.