Ukraynadakı biolaboratoriyalar yenidən gündəmdə

Ukraynadakı biolaboratoriyalar yenidən gündəmdə

Nizami Salmanov · Media ·

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard xaricdə Amerika büdcəsi hesabına maliyyələşdirilən 120-dən çox bioloji laboratoriya ilə bağlı araşdırma başladıb.

Redaksiya New York Post-a istinadla xəbər verir ki, yoxlama 30-dan çox ölkədə fəaliyyət göstərən laboratoriyaları əhatə edir. Məlumata görə, bu laboratoriyalardan 40-dan çoxu Ukraynada yerləşir və müharibə şəraitinə görə onların təhlükəsizliyi ayrıca narahatlıq doğurur.

Qabbard bildirib ki, araşdırmanın məqsədi laboratoriyaların harada yerləşdiyini, hansı patogenlər saxladığını və orada hansı tədqiqatların aparıldığını müəyyənləşdirməkdir. Onun sözlərinə görə, Vaşinqton təhlükəli “funksiya qazanımı” tədqiqatlarının qarşısını almaq niyyətindədir.

Məsələ ABŞ-da uzun müddətdir mübahisə doğurur. 2022-ci ildə Bayden administrasiyası Ukraynadakı laboratoriyaların bioloji silah proqramı üçün deyil, biotəhlükəsizlik, xəstəliklərin izlənməsi və ictimai səhiyyə məqsədləri üçün fəaliyyət göstərdiyini bildirmişdi.

Yeni araşdırma bu laboratoriyalarda bioloji silah hazırlandığını sübut etmir. Hazırkı mərhələdə söhbət ABŞ tərəfindən maliyyələşdirilmiş xarici bioloji obyektlərin təhlükəsizliyi, şəffaflığı və mümkün riskli tədqiqatların yoxlanılmasından gedir.