Türkiyənin “Eurofighter” qırıcılarının istehsalına başlanılıb

Türkiyənin “Eurofighter” qırıcılarının istehsalına başlanılıb

Yulduz Səlimov · Media ·

“BAE Systems” Türkiyənin sifariş etdiyi 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin istehsalına başlandığını açıqlayıb. Təyyarələrin Böyük Britaniya və proqramın digər tərəfdaş ölkələrində hazırlandığı bildirilir. Bu barədə şirkətin 2026-cı ilin ilk yarısına dair maliyyə hesabatına istinadən məlumat yayılıb.

Redaksiya istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti Türkiyənin 2025-ci ilin oktyabrında sifariş etdiyi qırıcılar üçün təlim, dəstək avadanlıqları və xidmətlərin göstərilməsinə dair müqaviləni “BAE Systems”ə verib. İlk təyyarələrin 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Mövcud cədvələ əsasən, 2030-cu ildə altı, 2031-ci ildə səkkiz, 2032-ci ildə isə daha altı təyyarənin Türkiyə inventarına daxil olması nəzərdə tutulur. Qırıcıların yeni istehsal olunan “Tranche 4” konfiqurasiyasında olacağı bildirilir.

Tədarük paketinə uzaq məsafəli hava-hava tipli “Meteor” raketlərinin də daxil ediləcəyi açıqlanıb. “BAE Systems” ehtiyat hissələri, texniki avadanlıqlar, pilot və mühəndis hazırlığı, simulyatorlar və elektron mübarizə imkanları təqdim edəcək.

Türkiyə yeni təyyarələrin çatdırılmasına qədər yaranacaq ehtiyacı qarşılamaq üçün Qətər və Oman inventarından ümumilikdə 24 işlənmiş “Eurofighter Typhoon” almağı da planlaşdırır. Bu qırıcıların keçid dövründə Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını dəstəkləməsi nəzərdə tutulur.