Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyi koalisiyası yaradır

Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyi koalisiyası yaradır

Yulduz Səlimov · Media ·

Səudiyyə Ərəbistanı Fars körfəzi, Qırmızı dəniz və Ədən körfəzində təhlükəsizliyin gücləndirilməsi məqsədilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması təşəbbüsünü açıqlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin keçirdiyi beynəlxalq görüşün yekununda məlumat verilib.

Redaksiya istinadla xəbər verir ki, toplantıda 43 ölkənin və Avropa İttifaqının nümayəndələri iştirak ediblər. Təklifə əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi və rəhbər dövləti olacaq, təşkilatın qərargahı isə krallıqda yerləşəcək.

Koalisiyanın dəniz təhlükəsizliyini gücləndirməsi, naviqasiya azadlığını qoruması, beynəlxalq ticarət və enerji təchizatı yollarının təhlükəsizliyini təmin etməsi nəzərdə tutulur. Xüsusi diqqət Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzindəki strateji marşrutlara yönəldiləcək.

Təşəbbüsü Səudiyyə Ərəbistanı ilə birlikdə ümumilikdə 14 ölkənin dəstəklədiyi bildirilir. Dəstək verənlər sırasında Türkiyə, Bəhreyn, Cibuti, Misir, İordaniya, Küveyt, Maldiv, Pakistan, Qətər, Somali, Sudan və Yəmənin Prezident Rəhbərlik Şurasına bağlı hökuməti yer alır.

Səudiyyə tərəfi dəniz müdafiəsi üzrə təşkilati strukturların yaradılması prosedurlarının başlanmasını alqışlayıb. Təşəbbüs regionda kommersiya gəmilərinə hücumların və əsas enerji marşrutlarına təhlükələrin artdığı dövrdə irəli sürülüb.