Türkiyənin almağı planlaşdırdığı Eurofighter Typhoon qırıcıları gələcəkdə KAAN milli döyüş təyyarəsi və Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək.
Redaksiya məlumat verir ki, BAE Systems Türkiyə üçün nəzərdə tutulan Eurofighter Typhoon qırıcılarının KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və F-16 ÖZGÜR platformaları ilə birlikdə işləyə biləcəyini açıqlayıb.
Şirkətin yanaşmasına görə, bu inteqrasiya Türkiyə Hərbi Hava Qüvvələrinə pilotlu və pilotsuz sistemlərin eyni əməliyyat mühitində koordinasiyalı istifadəsinə imkan verəcək. Belə model hava üstünlüyü, uzaqmənzilli zərbə, kəşfiyyat və elektron müharibə imkanlarını genişləndirə bilər.
İlk mərhələdə Türkiyəyə 20 ədəd Tranche 4 Eurofighter Typhoon qırıcısının tədarükü planlaşdırılır. Bu təyyarələrin AESA radarları, Meteor hava-hava raketləri və Storm Shadow qanadlı raketləri ilə təchiz olunacağı bildirilir.
Tədarük prosesinin 2030-cu ildən başlanması nəzərdə tutulur. Eurofighter-lərin Türkiyənin milli hava platformaları ilə birlikdə istifadəsi Ankaranın çoxqatlı və şəbəkə mərkəzli hava gücü konsepsiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir.
