Türkiyəli müğənni Nilin evində polis axtarış aparıb

Türkiyəli müğənni Nilin evində polis axtarış aparıb

Aytac Dəniz · Media ·

Türkiyəli müğənni Nil Özalp İstanbulda kapital bazarında aparılan əməliyyatlarla bağlı istintaq çərçivəsində saxlanılıb. Onun evində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən axtarış aparılıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən aparılan istintaq zamanı Nil Özalpda Pusula Portföy Yönetimi şirkətinin idarə heyətinin sədri Muhammed Yarız-a aid bəzi sənədlərin olduğu barədə məlumat əldə edilib.

Bu məlumat əsasında Özalp Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Kağıthanedəki evində axtarış aparıldığı, hazırda isə polis bölməsində prosedurların davam etdiyi bildirilir.

İstintaq Pusula Finans Holding, Tera Yatırım Menkul Değerler, Hedef Holding və Bulls Yatırım Menkul Değerler daxil olmaqla bir sıra şirkətlərin maliyyə əməliyyatlarını əhatə edir. Prokurorluq şirkət rəhbərlərinin 2024-cü ildən bu günədək xaricə pul və kriptovalyuta köçürmələri də daxil olmaqla maliyyə hərəkətlərinin araşdırılmasını tələb edib.

İş üzrə daha əvvəl çoxsaylı şəxslər saxlanılıb və onlarla şübhəli barəsində həbs qərarı verilib. Nil Özalpın sözügedən sənədlərlə hansı əlaqəsinin olduğu və istintaqdakı hüquqi statusunun necə formalaşacağı hazırda araşdırılır.